14:29 - 2.10.2026
2 oktyabr, Fineko/abc.az. BOKT “Embafinans” QSC kapital bazarından 4 milyon manat məbləğində vəsait cəlb etməyi planlaşdırır. Şirkət hər birinin nominal dəyəri 10 manat olan 400 min ədəd faizli, təmin edilməmiş, sənədsiz və adlı istiqraz buraxacaq.
Tədavül müddəti 12 ay olan istiqrazlar üzrə illik gəlirlilik 13% təşkil edir. Kupon ödənişləri hər 3 aydan bir həyata keçiriləcək, nominal dəyər isə sonuncu kupon ödənişi ilə birlikdə qaytarılacaq. Qiymətli kağızların ilkin yerləşdirilməsi abunə yazılışı formasında kütləvi təklif üsulu ilə Bakı Fond Birjasında aparılacaq. Buraxılışın anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir. İstiqrazlara abunə üzrə minimum məbləğ 10 manat təşkil edir, maksimum məbləğə isə məhdudiyyət qoyulmayıb.
Emissiyanın əsas məqsədi bank kreditlərindən asılılığı azaltmaq, daha çevik və əlverişli şərtlərlə maliyyə resursu cəlb etməklə kredit portfelinin dinamik inkişafını təmin etməkdir.
Arayış üçün bildirək ki, 2012-ci ildən fəaliyyət göstərən “Embafinans”ın nizamnamə kapitalı 10 milyon manatdır. Şirkətin səhmlərinin 86%-i “Embawood”un təsisçilərindən biri Elşad Abbasova, 14%-i isə Tamara Polyakovaya məxsusdur.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026