Bakıda İkinci İnvestisiya Forumunun keçirilməsinə xərclənən vəsait məlum olub

12:28 - 2.10.2026


2 oktyabr, Fineko/abc.az. İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumuna 5.3 milyon manatdan çox xərclənib.

“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” MMC “İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu” ilə bağlı iki satınalma müqaviləsi bağlayıb.

Birinci müqavilə “AZİNTEREXPO” MMC ilə stendin hazırlanması və quraşdırılması xidmətlərinin satın alınması üzrə imzalanıb. Müqavilənin məbləği 1 425 954,48 manat təşkil edib.

Digər müqavilə isə “Caspian Event Organisers” MMC ilə forumun təşkili üçün müxtəlif xidmətlərin satın alınması üzrə bağlanıb. Bu müqavilənin dəyəri 3 milyon 982,37 manat olub.

Bununla yanaşı, “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO” PHŞ “Yelken Operating Company” MMC ilə forum çərçivəsində mehmanxana otaqlarının icarəsi xidmətinin satın alınması üzrə müqavilə imzalayıb. Müqavilənin məbləği 517 252 manat təşkil edib.

Həmçinin AZPROMO investisiya layihələrinin təqdimatı üzrə tədbirin təşkili xidmətini satın alıb. Bu xidmət üzrə müqavilə “Yeni Abşeron Oteli” MMC ilə imzalanıb və müqavilənin məbləği 359 999,12 manat təşkil edib.

Beləliklə, forumla bağlı dörd müqavilənin ümumi dəyəri 5 304 187,97 manat manat təşkil edib.

Xatırladaq ki, sentyabrın 25-26-da Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilib.