11:27 - 22.09.2026
22 sentyabr, Fineko/abc.az. 2026-cı ilin ilk yarısında Azərbaycanın dövriyyədə olan borc qiymətli kağızlarının ümumi həcmi 10,06 milyard manata çatıb.
Bakı Fond Birjasının hazırladığı “Q2 2026: Azərbaycan və Qlobal İqtisadiyyata və Kapital Bazarlarına Baxış” bülleteninin təqdimatında bildirilib ki, hesabat dövrünün sonunda dövlət qiymətli kağızlarının dövriyyədə olan həcmi 4,97 milyard manat təşkil edib.
İlin əvvəlindəki 5,32 milyard manatlıq göstərici ilə müqayisədə azalma olsa da, dövlət qiymətli kağızları borc alətləri arasında ən böyük paya sahip seqment mövqeyini qoruyub.
Eyni dövrdə ipoteka istiqrazlarının dövriyyədə olan həcmi 3,44 milyard manata, dövlətə məxsus müəssisələrin (DMM) istiqrazları 0,98 milyard manata yüksəlib, korporativ istiqrazların həcmi isə 0,67 milyard manat səviyyəsində sabit qalıb.
Dövriyyədə olan borc alətlərinin təxminən yarısının ödəmə müddəti ipoteka istiqrazlarının uzunmüddətli xarakteri hesabına beş ildən sonrakı dövrə düşüb, bir ildən az müddətli alətlər isə əsasən Mərkəzi Bankın notlarından ibarət olub.
Hesabat dövründə kütləvi istiqraz yerləşdirmələrinin sayısı ötən ilin müvafiq dövründəki 27-dən 28-ə yüksəlib, DMM və korporativ emitentlər üzrə emissiya aktivliyində də məhdud artım qeydə alınıb. İlin ilk yarısında korporativ və DMM istiqrazları üzrə yerləşdirmələrin ümumi həcmi 85,8 milyon manat təşkil edib ki, bunun da 55,8 milyon manatı korporativ emitentlərin, 30 milyon manatı isə DMM-lərin payına düşüb.
Yerləşdirmələrin 90 faizi maliyyə sektorunun, xüsusilə bank olmayan maliyyə təşkilatlarının payına düşüb. İkinci rübdə yerləşdirmə həcmi birinci rübdəki 35 milyon manatdan 41 milyon manata yüksəlib.
Bu artım əsasən kupon dərəcəsi 11 faizdən aşağı olan istiqrazlar üzrə müşahidə edilib - bu kateqoriyada emissiya həcmi 8 milyon manatdan 29 milyon manata qalxaraq rüb üzrə ümumi yerləşdirmələrin 71 faizini təşkil edib. Paralel olaraq, 11–14 faiz və 14 faizdən yuxarı kupon dərəcəsinə malik istiqrazların yerləşdirilməsində kəskin azalma qeydə alınıb.
Beləliklə, 2026-cı ilin I yarısı istiqraz bazarında həm borc alətlərinin həcminin artması, həm də daha uzunmüddətli və aşağı kuponlu emissiyaların payının yüksəlməsi ilə yadda qalıb.
Müəllif: Elmir Muradov
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026