Azərbaycanda xəstəxanalar, çarpayılar və tibb işçiləri azalıb

09:55 - 24.09.2026


24 sentyabr, Fineko/abc.az. Azərbaycanda 2026-cı ilin əvvəlinə Səhiyyə Sisteminin əsas göstəricilərində əvvəlki illə müqayisədə geriləmə müşahid olunub.

Ölkədə fəaliyyət göstərən xəstəxana müəssisələrinin sayı 2025-ci ilin əvvəlindəki 350-dən 2026-cı ilin əvvəlində 339-a, ambulator-poliklinika müəssisələrinin sayı isə 1 676-dan 1 577-yə düşüb.

Eyni zamanda, xəstəxanalardakı çarpayıların ümumi sayı 40,3 mindən 37,9 minə azalıb ki, bu da hər 10 min nəfərə düşən çarpayı sayının 39,4-dən 36,9-a enməsi deməkdir.

Müqayisə üçün qeyd edək ki, 2011-ci ilin əvvəlində ölkədə 516 xəstəxana və 45,8 min xəstəxana çarpayısı mövcud idi. Müəssisə və çarpayı sayı ilə yanaşı, ayrı-ayrı sahələr üzrə tutumlar və tibb personalının göstəricilərində də azalma qeydə alınıb.

Belə ki, uşaqlar üçün nəzərdə tutulmuş xəstəxana çarpayılarının sayı 4,6 mindən 4,5 minə, hamilə və zahı qadınlar üçün çarpayıların sayı isə 3,6 mindən 3,2 minə enib.

Kadr təminatına gəldikdə isə, ölkədə bütün ixtisaslar üzrə həkimlərin sayı 35,2 mindən 34,8 min nəfərə, orta tibb işçilərinin sayı isə 57,7 mindən 55,3 min nəfərə qədər geriləyib.